Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant], rəsmi adı: Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — Qərbi Avropada yerləşən dövlətdir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.Almaniya 16 federal əyalətdən (alm. Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən sonra iki hissəyə bölünən ölkə, 1990-cu ildə yenidən birləşdi. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə birinci yeri tutur.BMT (1973), NATO (1955), G8 və G4 təşkilatlarının üzvü olan Almaniya dünyanın öncül dövlətlərindən biridir. Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. 2007-ci ildə həm Avropa Birliyinin Nazirlər Şurası, həm də G8-in növbəli rəhbərliyi funksiyalarını həyata keçirib.
Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi. Germanlar tayfası etnonimindəndir. Alman dilində Deutschland adlanır. Müasir ad prot.Þeudiskaz adından törənmişdir. Deutsch sözü (prot. Þeodisk sözündən törənmişdir) ilk anlamda "xalqa aid olan" mənasını verir və ilk dövrlərdə dilə aid işlənirdi. Land "ölkə deməkdir. Ölkə adının müasir yazılış forması XV əsrdən işlənir.